Bank Of Baku

İlhamə Quliyevanın Flora Kərimovaya qarşı qaldırdığı iddia üzrə məhkəmə başlayıb

İlhamə Quliyevanın Flora Kərimovaya qarşı qaldırdığı iddia üzrə məhkəmə başlayıb
# 06 fevral 2009 15:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Nəsimi rayon Məhkəməsində xalq artisti İlhamə Quliyevanın xalq artisti Flora Kərimovaya qarşı qaldırdığı iddia üzrə məhkəmə baxışı başlayıb.
APA-nın məlumatına görə, hakim Kamaləddin Bədəlovun sədrliyi ilə keçirilən prosesdə İ. Quliyevanın vəkili Şəfiqə Nağıyeva iddia ərizəsini təqdim edib. O deyib ki, F. Kərimova mətbuata verdiyi müsahibələrdə İ. Quliyevanın şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurub. İddia ərizəsində İ. Quliyeva ona dəyən maddi ziyana görə, həmkarından 40 min, mənəvi zərbəyə görə isə 60 min manat təzminat istəyib.
Proses İ. Quliyevanın nümayəndəsi, xalq artisti Faiq Ağayevin çıxışı ilə davam etdirilib. O, F. Kərimovanın mətbuata verdiyi müsahibələrdən parçalar oxuyaraq, İ. Quliyeva haqqında söylənilənləri məhkəmənin diqqətinə çatdırıb.
Məhkəmədə İ. Quliyevanın digər nümayəndələri də məsələ ilə bağlı çıxış edərək, iddialarının düzgün olduğunu hakimin diqqətinə çatdırıblar.
Prosesdə tərəflər bir-birlərinə işin mahiyyəti ilə bağlı suallar da veriblər. Cavabdeh tərəfin vəkili İlhamə Həsənova isə özlərini günahkar saymadıqlarını deyərək, F. Kərimovanın fikirlərinin təkrar olduğunu qeyd edib: “İlhamə Quliyeva haqqında Flora Kərimovadan da öncə müxtəlif fikrilər səslənib. Flora Kərimovanın dedikləri təkrar olduğundan burada heç bir şərəf və ləyaqətin təhqiri yoxdur”.
Vəkilin bu sözləri iddiaçı tərəfin etirazına səbəb olub və bununla əlaqədar mübahisə yaranıb.
Hakim tərəflərin barışığa gəlməsi təklifi ilə çıxış edib. F. Kərimova isə deyib ki, İ. Quliyeva 1995-ci ilə qədər onun səhnədən getməsi üçün gizli mübarizə aparsa da, bu proses həmin ildən sonra açıq müstəviyə keçib: “Mənim səsim onu həmişə narahat edib. 1995-ci ilə qədər məni müxtəlif yerlərdə təhqir edib, indi isə hüquq-mühafizə orqanlarının əli ilə səsimi almaq istəyir. Mən məhkəmənin istənilən qərarı ilə razılaşa bilərəm, amma onunla heç bir barışığa getmərəm”.
Prosesdə cavabdeh tərəf mahiyyət üzrə bəzi materialları məhkəməyə təqdim edib. İddiaçı tərəfin vəkili Ş. Nağıyeva isə müdafiə etdiyi şəxsin icazəsi ilə tərəflər arasında yaranan münaqişənin tarixi haqqında açıqlama verib: “İlhamə Quliyeva mənə dedi ki, 20 il əvvəl Azərbaycan Dövlət Televiziyasının aparıcısı Roza Tağıyevanın bacısı qızının toyunda Flora Kərimovanın mərhum həyat yoldaşı Faiq toyun sonunda İlhamə xanımı və onun oğlunu maşını ilə evə aparıb. İlhamə Quliyeva mənə bildirib ki, Floranın mənə qarşı qərəzli mövqeyi bundan sonra başlayıb”.
Cavabdeh tərəf isə bu məsələ ilə bağlı heç bir izahat verməyib.
Proses fevralın 19-dək təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR