Bank Of Baku

Müdafiə Nazirliyi Mühafizə Briqadasının sabiq komandir müavini Rasim Muradovun hüquqlarının müdafiəsi ilə bağlı keçirilən tədbirdə insident baş verib

Müdafiə Nazirliyi Mühafizə Briqadasının sabiq komandir müavini Rasim Muradovun hüquqlarının müdafiəsi ilə bağlı keçirilən tədbirdə insident baş verib
# 02 fevral 2007 11:46 (UTC +04:00)
Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov Sülhməramlı Qüvvələrin taborunda mənimsəmə faktlarını üzə çıxardığı üçün Müdafiə Nazirliyi Mühafizə Briqadasının sabiq komandir müavini polkovnik-leytenant Rasim Muradova qarşı “qara piar”ın başlanması ilə əlaqədar mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə iştirak etmək istəyən Sülhməramlı Qüvvələr taborunun zabit və gizirləri ilə mətbuat konfransının təşkilatçısı arasında mübahisə yaranıb. Tədbirin keçirildiyi Beynəlxalq Mətbuat Mərkəzinin rəhbərliyinin müdaxiləsindən sonra yarana biləcək qarşıdurmanın qarşısı alınıb. Ə. Məmmədov Rasim Muradovun sonuncu mətbuat konfransından sonra ona qarşı təzyiqlərin artdığını deyib. Onun sözlərinə görə, R. Muradova qarşı aparılan “qara piar” Müdafiə Nazirliyinin rəhbərliyinin xüsusi tapşırığı ilə başlanıb.
Tədbirə Naxçıvandan telefon vasitəsilə qatılan R. Muradov bildirib ki, hərbi hissədə baş verən qanun pozuntuları haqda müvafiq qurumlarda məlumatlar var və bu barədə o, Müdafiə Nazirliyini məlumatlandırıb. R. Muradov həyatının təhlükədə olduğunu və ölkə rəhbərliyinin məsələyə müdaxilə etməsini istəyib. R. Muradovun açıqlamalarına müdaxilə edən Müdafiə Nazirliyi Mühafizə Briqadasının kadrlar bölməsinin rəisi Ramiz Eyyubov deyilənləri təkzib edib: “Tərxis edilən gizir Rəşad Baxışov xristianlığı qəbul etdiyinə görə yox, oğurluq etdiyinə görə tərxis edilib. Həmin vaxt İraqda xidmət edənlər onun dəfələrlə ölən iraqlıların üzərindən süngü, paltar və digər əşyalar oğurladığının şahidi olublar. Amma Rasim Muradov həqiqəti demək əvəzinə, Naxçıvanda xidmətin çətinliyindən danışır”.
Ə. Məmmədov isə R. Muradovun Hüquqlarının Müdafiə Komitəsinin sədri kimi müdafiə etdiyi şəxsin həqiqəti söylədiyini deyib: “Əgər gizir və ya Rasim Muradov cinayət edibsə, onda bu hərbçilər vaxtında niyə cinayət məsuliyyətinə cəlb edilməyiblər? Deməli, hərbi hissə komandirinin burada marağı olub və müəyyən qədər pul aldıqdan sonra gizir Rəşad Baxışova toxunmayıblar”. Ə. Məmmədov məsələ ilə bağlı beynəlxalq təşkilatlara və prezident İlham Əliyevə müraciət edəcəklərini də vurğulayıb. Tədbirin sonunda tərəflər arasında yenidən mübahisə yaranıb. Mübahisə konfrans zalından bayırda dayanan Sülhməramlı Qüvvələr taborunun zabit və gizirləri ilə tədbirin təşkilatçısı arasında qarşıdurmaya çevrilib. Konfrans zalına girmək istəyən hərbçilərin qarşısını jurnalistlər və mətbuat mərkəzinin rəhbərliyi saxlamağa çalışsalar da, bu, mümkün olmayıb. Nəticədə mətbuat mərkəzinin rəhbərliyi tərəfindən əraziyə polis dəvət olunub. Polislə də qarşıdurmadan çəkinməyən hərbçilər bu mövzuda yazan jurnalistlərin və məsələ haqda mətbuat konfransı keçirən Ə. Məmmədovun ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Nəhayət, Səbayel Rayon Polis İdarəsinin əraziyə keşik çəkən post-patrul xidməti əməkdaşlarının köməyi ilə hərbçilər mətbuat konfransından çıxarılıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR