Bank Of Baku

İran-Azərbaycan və İran-Azərbaycan-Rusiya marşrutu üzrə narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər yaxalanıb

İran-Azərbaycan və İran-Azərbaycan-Rusiya marşrutu üzrə narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər yaxalanıb
# 26 iyul 2007 11:09 (UTC +04:00)
Bu barədə APA-ya Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən məlumat verilib. İrandan Azərbaycana qaçaqmalçılıqla narkotik vasitələrin daşınması ilə məşğul olan Yardımlı rayon sakinləri - 1961-ci il təvəllüdlü Firudin Əliyev və onun oğlu, 1989-cu il təvəllüdlü Hamil Əliyev saxlanılıb, onlardan 2 kiloqrama yaxın heroin və 9 kiloqram 743,4 qram həşiş aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, F. Əliyev Yardımlı rayonunun Arus kəndi ərazisində satış məqsədilə qaçaqmalçılıqla İrandan Azərbaycana narkotik vasitə keçirmək üçün hazırda şəxsiyyəti istintaq tərəfindən araşdırılan Məmmədəli adlı İran vətəndaşı ilə görüşüb və oğlu Hamili də onunla tanış edib. F. Əliyev və Məmmədəli İran vətəndaşının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirəcəyi narkotik vasitəni H. Əliyev vasitəsilə qəbul etmək və 1000 ABŞ dolları müqabilində bu narkotiki Bakı şəhərinə aparıb hazırda şəxsiyyəti araşdırılan bir nəfərə çatdırmaq barədə sövdələşiblər. H. Əliyev iranlının Azərbaycan ərazisinə keçirdiyi narkotikləri Yardımlı rayonu ərazisində ondan qəbul edərək atasına təhvil verib. F. Əliyev həmin narkotik vasitələri idarə etdiyi “Kamaz” markalı yük maşınının kabinəsində gizlədərək oğlu Hamillə birlikdə Bakı istiqamətində hərəkət edərkən Masallı-Yardımlı magistral yolunda MTN əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb.
MTN-in keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində isə İran-Azərbaycan-Rusiya marşrutu üzrə narkotik vasitələrin daşınması ilə məşğul olan Cəlilabad rayon sakini, 1970-ci il təvəllüdlü İlham Bağırov, Gəncə şəhər sakinləri 1952-ci il təvəllüdlü Ramiz Paşayev və 1979-cu il təvəllüdlü Elmir Əliyev saxlanılıb, 9 kiloqram 778.1 qram narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb. Məlum olub ki, E. Əliyev narkotik vasitə əldə etmək üçün İ. Bağırova 6 min ABŞ dolları göndərib və 10 kiloqram narkotik sifariş edib. Bundan başqa, E. Əliyev R. Paşayevdən 13 min ABŞ dolları alaraq İmişli rayonu ərazisində İ. Bağırova verib. E. Əliyevlə R. Paşayev Bakı şəhərinin Ələt qəsəbəsinə gələrək burada İ. Bağırovla görüşüb, ondan 10 kiloqram narkotik vasitəni götürməyi planlaşdırıblar. Lakin MTN-in keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onların niyyəti baş tutmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb. Hər iki iş üzrə bütün halların araşdırılması, hüquqa zidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR