Bank Of Baku

Azərbaycanın Lənkəran rayonunda partlayış olub

Azərbaycanın Lənkəran rayonunda partlayış olub
# 20 mart 2008 08:30 (UTC +04:00)
Partlayışın zərbə dalğası 5 kilometrlikdən hiss edilib. Hündür mərtəbəli binalarda silkələnmələr olub.
APA-nın Cənub bürosunun məlumatına görə, silkələnmədən sonra sakinlər nə baş verdiyini anlamayıblar. Hamı zəlzələ olduğunu zənn edib, 5 dəqiqədən sonra küçələrdə sirena səsləri eşidilib. Sonra məlum olub ki, bu, zəlzələ yox, partlayışdır. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürənlər gəlib. Nə baş verdiyini heç kim açıqlamayıb. Jurnalistlərə ərazidə çəkiliş aparmağa və hər hansı məlumat toplamağa imkan verilməyib, onlar da əhali ilə birgə hadisə yerindən 50 metr uzaqlaşdırılıb.
Yerli sakinlərin açıqlamalarına görə, zərbənin dalğasından 30-a yaxın evin pəncərələri çərçivədən çıxıb, şüşələr sınıb, evlərin damlarına və divarlarına ciddi ziyan dəyib. Şəhər sakini, 83 yaşlı Nəsibə Cəfərova xəsarət alıb və Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dən bildiriblər ki, yaralı alın nahiyəsinin kəsilmiş yarası diaqnozu ilə qəbul edilib və ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Rəsmi orqanların məlumatında partlayışın Müslüm Maqomayev küçəsində vətəndaş Rzayev Samir Vaqif oğluna məxsus evdə baş verdiyi bildirilsə də, hadisənin digər təfərrüatları açıqlanmır. Qonşuların fikrincə, evdə uzun müddətdən bəri heç kim yaşamadığı üçün partlayışın təbii qazdan baş verməsi daha çox ehtimal olunur. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR