Bank Of Baku

Baş Prokurorluq “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması ilə bağlı açıqlama yayıb

Baş Prokurorluq “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması ilə bağlı açıqlama yayıb
# 07 aprel 2008 19:32 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, “Azadlıq”ın əməkdaşı bu il martın 14-də Bakının Ayna Sultanova küçəsi 523-ci məhəllədə yerləşən binalardan birinin yaxınlığında naməlum şəxslər tərəfindən ona bıcaqla xəsarət yetirilməsi barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə ərizə ilə müraciət edib.
Bununla bağlı Yasamal RPİ-nin istintaq şöbəsi tərəfindən CM-nin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, daha sonra cinayət işi Bakı Şəhər Polis İdarəsinin istintaq şöbəsində, az sonra isə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilib.
Baş Prokurorluq məlumatında qeyd edib ki, istintaqın ilk günündən A. Xəlilov hadisənin əvvəllər “Zeytun bağı” adlanan sahədə baş vermiş insidentlə və jurnalist fəaliyyəti ilə bağlı olması, iki nəfər şəxs tərəfindən izlənməsi ilə bağlı fikirlər irəli sürüb, onun ifadəsinə əsasən hadisə yerinin yaxınlığındakı müəssisələrin işçiləri, ərazidəki sakinlər, taksi sürücüləri dindirilib. İstintaq A. Xəlilovun insidentdən dərhal sonra hadisə yerində tibbi yardım üçün heç kimə müraciət etmədiyini, “Azadlıq” qəzetinin əməkdaşlarına zəng etdiyini, onun çağırışı ilə gəlmiş “Azadlıq” qəzetinin direktoru Azər Əhmədovla birlikdə 28-ci polis bölməsinə getdiklərini, daha sonra polis işçiləri ilə təkrar əraziyə qayıtdıqlarını müəyyənləşdirib. Hadisədən təxminən 1 saat sonra, saat 20.40 radələrində isə onlar tibbi yardım almaq üçün Kliniki Tibbi Yardım Mərkəzinə müraciət ediblər.
Hadisə yerinin yaxınlığında - Ayna Sultanova küçəsi-1 ünvanında yerləşən ərzaq mağazasında satıcısı Zülfəli Babayev istintaqa ifadəsində həmin gün müştəri kimi xidmət göstərdiyi və “Azərbaycan” nəşriyyatının işçisi kimi tanıdığı A. Xəlilovun saat 19.50-20.00 radələrində mağazanın giriş qapısında dayanmaq üçün ondan icazə istədiyini, sonradan çıxıb getdiyini, təxminən 15-20 dəqiqə sonra polis işçilərinin əraziyə gələrək, hadisə ilə bağlı sorğu-suala başladıqlarını deyib. O, A. Xəlilovun həmin gün ona hər hansı şəxslə insidenti barədə söz demədiyini və tibbi yardım istəmədiyini söyləyib.
Məlumatda daha sonra qeyd olunub ki, A. Xəlilov ona xəsarət yetirənləri görəcəyi təqdirdə, mütləq tanıyacağını dəfələrlə desə də, 2 dəfə xüsusi kompüter proqramı və rəssam tərəfindən fotorobotun tərtib edilməsi zamanı onların əlamətlərini tam dəqiqliklə təsvir edə bilməyib.
Baş Prokurorluq qeyd edib ki, istintaq kompleks əməliyyat-axtarış apararkən texniki vasitələrdən istifadə edib, bu zaman A. Xəlilova məxsus 484-85-76 saylı telefondan çoxsaylı zənglərin edildiyi, 681-80-60 saylı mobil telefona seksual xarakterli mesajlar göndərildiyi müəyyənlışib. Bu telefonun 1965-ci ildə Bakıda anadan olmuş, qeyri-ənənəvi seksual orientasiyalı Sergey Strekalin adlı şəxsə məxsus olması müəyyənləşdirilib və o, istintaqa cəlb edilib. Narkotik vasitələrdən istifadəyə meylli və yüngül həyat tərzi keçirən, hadisə baş verəndə həmin ərazidə olması texniki vasitələrlə müəyyənləşdirilmiş S. Strekalin şübhəli şəxs qismində dindirilib və o, martın 13-də təxminən saat 19.30 radələrində sürücüsü Eldar Rəsulovla birlikdə tanışının dəvəti ilə Səfərova Nüsrət Yaşar qızı ilə restorana getmək üçün sonuncunun yaşadığı Apellyasiya Məhkəməsinin yaxınlığındakı evin qarşısına gələlər, maşında onu gözlədiyini, bu vaxt əvvəllər tanıdığı A. Xəlilovun küçədən keçdiyini gördüyünü deyib. O, maşından kustar üsulla hazırlanmış düyməli bıçağı götürərək enib və Aqili maşınına dəvət edib. S. Strekalin ifadəsində Aqili 2005-ci ildən tanıdığını, onunla intim münasibətləri olduğunu, 2007-ci ilin noyabr-dekabr aylarına qədər bu münasibətlərin davam etdiyini deyib. O bildirib ki, Aqil onu 3-cü şəxslər qarşısında ifşa etdiyinə görə aralarında soyuqluq və mübahisə yaranıb. Bu səbəbdən də maşında oturarkən Aqili ifşaedici hərəkətlərindən çəkindirmək və qorxutmaq üçün sol əli ilə onun boynundan tutub sağ əlindəki bağlı bıçağın dəstəyi ilə sinəsindən bir neçə dəfə zərbə endirib. Aqil maşından düşüb getdikdən sonra isə
əlində olan bıçağın zərbələr zamanı düyməsinin bilmədən basılması nəticəsində açılmış vəziyyətdə olduğunu və bıçağın üzərində qan izlərini görüb. O, Aqili yaraladığını düşünərək həmin gün bıçağı 8-ci mikrorayonda yerləşən “Pink house” restoranının yaxınlığındakı yaşıllığa atıb. S. Sterekalin deyib ki, hadisədən iki gün sonra televiziyada Aqilin bıçaqlanmasını eşidib və martın 15-də ona zəng edib, amma müxbirin telefonu bağlı olduğu üçün danışa bilməyib. S. Strekalinə məxsus telefondan A. Xəlilova edilmiş bu zəng “Azercell-Telecom” Birgə Müəssisəsindən götürülmüş cıxarışlarla təsdiqini tapıb.
S. Strekalin bu ifadəsini A. Xəlilovla üzləşmədə və hal şahidlərinin iştirakı ilə ifadəsi yerində yoxlanılarkən bir daha təsdiq edib.
Bu hadisəni S. Strekalinin oturduğu maşının sürücüsü Eldar Rəsulov və tanışı Nüsrət Səfərova təsdiqləyiblər.
Baş Prokurorluq qeyd edib ki, istintaq zamanı A. Xəlilov S. Strekalinlə tanışlığını etiraf etsə də, digər məlumatları və ifadələri inkar edib. Lakin istintaq A. Xəlilovun S. Strekalindən başqa, sonuncunun evində qeyri-ənənəvi orientasiyaya malik kişi cinsinə mənsub digər şəxslərlə də münasibətlərinin olduğunu müəyyənləşdirib və belələrindən biri kimi Xalis Məmmədov adlı bir şəxsi göstərib.
Açıqlamada bildirilib ki, “Azercell-Telekom” Birgə Müəssisəsindən götürülmüş çıxarışlarla A. Xəlilovun telefonundan S. Strekalinə 2007-ci ilin dekabr və 2008-ci ilin yanvar ayları ərzində çoxsaylı telefon zəngləri edildiyi, 16 seksual xarakterli yazılı mesaj göndərildiyi müəyyənləşib.
Baş Prokurorluq bildirib ki, S. Strekalinin hadisə zamanı məhz həmin yerdə olması və A. Xəlilova xəsarət yetirməsi faktı həyata keçirilmiş digər əməliyyat-texniki tədbirlərlə də öz təsdiqini tapıb. Buna görə də S. Strekalin CM-nin 127.1 və 234.1 (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs-qətimkan tədbiri seçilib.
Açıqlamada qeyd olunub ki, bu faktlar hadisənin A. Xəlilovun jurnalist kimi peşə fəaliyyəti ilə deyil, onun şəxsi həyatı ilə bağlı olduğunu, hadisənin şəxsi zəmində intiqam almaq niyyəti ilə baş verdiyini göstərir.
Baş Prokurorluq vurğulayıb ki, hazırda istintaq davam edir və cinayət işi üzrə əhəmiyyət kəsb edən bütün halların tam, obyektiv araşdırılması təmin ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR