Xırdalan şəhərində yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın əvvəlcə “Chevrolet” markalı nəqliyyat vasitəsinə çırpılıb. “Chevrolet” yol kənarında dayanan “Volqa” markalı avtomobilə dəyərək dayanıb. Qəza zamanı “Chevrolet”in sərnişini xəsarət alıb.
Əraziyə Abşeron Rayon Polis İdarəsinin və Yol Polisi Şöbəsinin əməkdaşları cəlb edilib. Sürücülərin izahatı alınıb.
Faktla bağlı araşdırma aparılır.