Mərdəkanda odlu silahla qətl törətməkdə təqsirləndirilən Ruhulla Abdullazadənin cinayət işi üzrə məhkəmə başlayıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Ruhulla Abdullazadə vaxtilə Bakı Şəhər Yol Polisi İdarəsində çalışıb.
Məhkəmənin baxış iclası yanvarın 13-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il avqustun 7-də Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğulunun ("Amin Mərdəkanski") qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində şəxsi münasibətlər zəminində Amin Xudaverdiyevi ov silahından atəş açaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Amin Xudaverdiyev kriminal aləmdə "Amin Mərdəkanski" ləqəbi ilə, Rövşən Lənkəranskinin (Rövşən Canıyev) tərəfdarı kimi tanınıb.
Ruhulla Abdullazadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.