Bakı-Ələt yolunda baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası hadisə yerinə cəlb edilib.
TƏBİB-dən APA-ya bildiriolib ki, hadisə nəticəsində xəsarət alan 23 nəfər (19-u qadın, 4-ü kişi olmaqla) həkim briqadaları tərəfindən tibb müəssisələrinə təxliyə edilib.
Xəsarət alanlara zəruri tibbi xidmətlər göstərilib. Onların müvafiq şöbələrdə müalicələrinə davam edilir.
Qeyd edək ki, xəsarət alanlara əsasən, bədənin küt travması, döş qəfəsinin küt travması, başın ənsə nahiyəsinin əzilməsi, sağ çiynin əzilməsi, sol ayağın küt travması və s. diaqnozlar qoyulub.
Onların vəziyyətlərilə bağlı əlavə məlumat veriləcək.
***
16:52
Bakı-Qazax yolunda baş verən qəza nəticəsində xəsarət alan 8 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib və müvafiq şöbələrə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
APA xəbər verir ki, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Yaralılarla bağlı əlavə məlumat veriləcək.
***
15:03
Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb, ölüm yoxdur.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.
***
saat 14.48
Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Sahil qəsəbəsi istiqamətində qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, mikroavtobusun aşması nəticəsində 8 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.