Ötən gün saat 23:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundan partlayış baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Qetd edilib ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 1 şəxsə (qadın cinsli) ilkin tibbi yardım göstərilib, hər iki əlin və üzün termiki yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub", - məlumatda vurğulanıb.
***
08:18
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus fərdi yaşayış evinin mətbəxində, ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
00:56
Əldə olunan məlumata görə, partlayış fərdi yaşayış evinin mətbəxində baş verib.
APA xəbər verir ki, partlayış nəticəsində ev sahibi Afilya Göyüşova yanıq xəsarətləri alıb.
O təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
***
00:01
Bakı şəhəri Nərimanov rayonunda fərdi yaşayış evində partlayış olub.
APA xəbər verir ki, hadisə Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb.
İlkin məlumata görə, partlayış qaz sızmasından olub. Əraziyə FHN qüvvələri və təcili tibbi yardım briqadaları cəlb edilib.
Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir.