Bakıda kafedə bayram günü 2 nəfərin qətlinə görə tutulan şəxsin məhkəməsində şahid ifadə verib

Bakıda kafedə bayram günü 2 nəfərin qətlinə görə tutulan şəxsin məhkəməsində şahid ifadə verib
# 09 sentyabr 2024 13:50 (UTC +04:00)

Bakıda kafedə bayram günü 2 nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib. Şahid Nərmin Məmmədova hadisə baş verən kafedə qabyuyan işlədiyini bildirib:

"Həmin gün Arif Bəhərçiyev sərxoş idi. Ümumiyyətlə, 31 dekabr - yeni il bayramına təsadüf etdiyindən müştərilərimiz çox idi. Arifin atası İlfan Bəhərçiyev müştərilərə yemək hazırlaması məqsədilə anası Gülnurə Bəhərçiyevanı kafeyə çağıranda özünü eşitməzliyə vurdu. Bununla da Ariflə anası arasında dava düşdü. Arif əsas zala keçdi. Ardınca isə kababçımız Namiq daxil oldu. Onlar arasında davanın şahidi oldum. Namiq Arifə irad bildirdi ki, niyə ananı vurmusan, onu söymüsən? Bu an Arifin bıçaq götürdüyünü gördüm. Namiqin üstünə hücum etdi, Ramil adlı daimi müştərimiz də onları aralamaq istədi. Arif Namiqin qarnına bıçaq vurdu. Namiq hər iki əli ilə qarnını tutub uzaqlaşmaq istədi. Ardınca da onları aralamaq istəyən Ramili vurdu".

Daha sonra hakim iş üzrə dindirilməli olan digər şahidlərin məhkəməyə gəlməsinin vacibliyini vurğulayıb.

Proses oktyabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən kafedə baş verib.

2001-ci il təvəllüdlü Arif Bəhərçiyev iaşə obyektlərindən birində aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovu öldürməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.7, 221.3-cü maddələr üzrə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR