Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİB-1

Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİB-1
# 20 aprel 2024 11:11 (UTC +04:00)

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, araşdırma zamanı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətovun Xətai rayonu, Xudu Məmmədov küçəsi ərazisində tanışı Elnarə Cabbarovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Səbuhi Qürbətov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

saat 09.18

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı, 2003-cü il təvəllüdlü Qurbanov Səbuhi İlkin oğlu sonra özünə xəsarət yetirib. O, xəstəxanya yerləşdirilib.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.

***

07.54

Bakının Xətai rayonunda qətl baş verib.

APA xəbər verir ki, hadisə Xudu Məmmədov 13 ünvanında qeydə alınıb.

Belə ki, iri marketlərin birinin qarşısında 24 yaşlı oğlan sevdiyi 22-24 yaşlı qadının ürək nahiyyəsinə bıçaq zərbəsi vurub.

Qadın aldığı xəsarətlərdən ölüb. Daha sonra o, özünə bıçaq zərbələri vurub.

Oğlan aldığı xəsarətlər səbəbindən Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Qadının meyiti morqa təhvil verilib.

Hazırda ölən qadının ad və soyadı dəqiqləşdirilir.

Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR