Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə APA-ya FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobilinin “KAMAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1991-ci il təvəllüdlü Bağırzadə Məhərrəm Dilafət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə nəticəsində minik avtomobilinin sərnişini, 1963-cü il təvəllüdlü Məmmədova Gəvahir İsmayıl qızı vəfat edib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də hadisə barədə məlumat yayıb.
Qeyd olunub ki, bu gün səhər saatlarında Aeroport şosesi, mərkəz istiqamətində hərəkət edən minik avtomobili yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü həyatını itirib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
***
09:27
Bu gün saat 05:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Buzovna qəsəbəsi, Mərdəkan yolu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə APA-ya Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə olunub. Hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi və qadın) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.