Bakıda sərnişin avtobusunun qəza törətməsi nəticəsində xəsarət alan olmayıb.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli APA-nın sorğusuna cavab olaraq bildirib.
Məlumata görə, hadisə saat 10:40 radələrində Neftçilər prospektində baş verib. "BakuBus"a məxsus 125 saylı xətt üzrə hərəkət edən avtobus idarəetmənin itməsi nəticəsində maneələrə toxunub və qəza baş verib.
Faktla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
“BakuBus” MMC-dən isə APA-ya bildirilib ki, bulvar ərazisində quruma 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Qeyd olunub ki, avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu Bulvar ərazisinə tərəf yönəldib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb.
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən halı pis səbəbilə çağırış daxil olub. Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 56 yaşlı şəxs (kişi) arterial hipertenziya diaqnozu ilə Xətai Tibb Mərkəzinə hospitalizasiya olunub.
Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Selcan Zaurqızı
***
11.31
Bakıda sərnişin avtobusu qəza törədib.
APA xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib. "BakuBus"a məxsus 125 saylı sərnişin avtobusu qəza törədərək bulvar ərazisinə girib, ağaca çırpılıb. Qəza nəticəsində bir neçə ağac aşıb.