Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə rayonu, Bala Ərəblər kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ-2106" minik avtomobilinin idarəetməni itirərək dərinliyi 5 metr olan dərəyə aşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Mustafazadə Elgün İntiqam oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
TƏBİB-dən APA-ya bildirilib ki, Bərdədə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2000-ci il təvəllüdlü şəxs (kişi cinsli) bu gün saat 15:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sağ bud sümüyünün burmaaltı çoxqəlpəli yerdəyişmiş sınığı, sağ göz altının əzilmiş cırılmış yarası diaqnozları təyin edilən şəxsin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
***
15.48
Bərdədə avtomobil su kanalına düşüb.
APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Bərdə rayonu Bala Ərəblər kəndi ərazisindən keçən kanalda baş verib.
2000-ci il təvəllüdlü Elgün Mustafazadənin idarə etdiyi "VAZ-2106" markalı minik maşını idarəetmədən çıxaraq su kanalına aşıb. Sürücü xəsarət alıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.
Araşdırma aparılır.