Dələduzluqda ittiham olunan təşkilat sədri və digərlərinə cəza istənilib

Dələduzluqda ittiham olunan təşkilat sədri və digərlərinə cəza istənilib
# 09 sentyabr 2024 17:34 (UTC +04:00)

“Yeni İctimai Nəzarət Şurası”nın sədri Ramil Şükürov, həmin Şuranın Qazilər və veteranlarla iş üzrə sədr müavini Koroğlu İbrahimov, tanışı Diləfruz Mustafayeva və Elçin Aslanlının cinayət işi üzrə məhkəmə istintaql yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən Ramil Şükürovun 9 il, Koroğlu İbrahimovun 8 il, Diləfruz Mustafayevanın 7 il, Elçin Aslanlının 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkillər çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq-əməliyyat tədbirləri ilə, respublikanın bir çox rayon və şəhərləri üzrə bölmələri və yüzlərlə üzvü mövcud olan həmin qanunsuz təşkilatın sədri Ramil Şükürovun rəhbərlik etdiyi qurumun adının cəmiyyətdə formalaşdırdığı guya ayrı-ayrı dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət, müdaxilə imkanı və rəhbər vəzifəli şəxslərlə münasibətlərin olmasına dair uydurma görüntüdən istifadə edərək vətəndaşlara qarşı bir sıra qanunsuz hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Müəyyən edilib ki, Ramil Şükürov özünü və əlbir olduğu dəstə üzvlərini müxtəlif dövlət qurumları və müəssisələrə işə qəbul olunma, hüquqi şəxslərin fəaliyyətlərinin bərpa edilməsi, şəhidlik statusunun verilməsi, hüquq-mühafizə orqanlarında istintaqı aparılan cinayət işləri və məhkəmələrdə baxılan işlər üzrə şəxslərin azadlığa buraxılmalarının təmin edilməsi, o cümlədən əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi imkanına malik şəxslər kimi təqdim edərək vətəndaşlara, xüsusilə də əhalinin sosial baxımdan həssas təbəqəsinə məxsus pul vəsaitlərini ələ keçirmək məqsədi ilə fəaliyyət göstərən sabit cinayətkar qrupun rəhbəri olub.

Qeyd edilən üsul və məqsədlə onun birbaşa, habelə cinayətkar qrupun digər üzvləri olan - həmin Şuranın Qazilər və veteranlarla iş üzrə sədr müavini olan Koroğlu İbrahimov və tanışı Diləfruz Mustafayeva ilə birlikdə rəsmi sənədləri saxtalaşdırıb qanunsuz istifadə edərək onlara müraciət edən çoxsaylı vətəndaşlara məxsus ümumilikdə 219 min 570 manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, Ramil Şükürovun tanışı Elçin Aslanlı ilə qabaqcadan əlbir olaraq digər vətəndaşdan tələb etdiyi 100 min manat məbləğində pulun müəyyən hissəsini ələ keçirməsinə də əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlarla əvvəllər məhkum olunmaqla əməlində xüsusi təhlükəli residiv olan Ramil Şükürova və əməlində təhlükəli residiv olan Elçin Aslanlıya, habelə Koroğlu İbrahimov və Diləfruz Mustafayevaya törətdikləri əməllərə müvafiq olaraq Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR