Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən paratrike tipli uçuş aparatı müşahidə edilib.
Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində paratrike zərərsizləşdirilmiş, ümumi çəkisi 21 kiloqram 210 qram narkotik vasitə (19 kq 270 qr marixuana, 1 kq 940 qr tiryək) və 4000 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar edilərək götürülmüş, uçuş aparatını idarə edən İran İslam Respublikası vətəndaşı sərhəd pozucusu qismində saxlanılıb.
Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin qanunsuz keçirilməsi halları müşahidə edilmişdir. Bu kimi əməllər dövlət sərhədinin toxunulmazlığına və ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş qanunazidd fəaliyyət kimi qiymətləndirilir.
Dövlət Sərhəd Xidməti bir daha bildirir ki, dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması, həmin məqsədlərlə istifadə olunan texniki və uçuş vasitələrinin zərərsizləşdirilməsi, habelə bu əməllərdə iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.