Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən söndürülüb.
Nazirlikdən APA-ya bildirilib ki, yanğınsöndürmə qüvvələrinin çağırış üzrə hadisə yerinə operativ çatması və peşəkar fəaliyyəti sayəsində yanacaq çənindəki yanğının mümkün partlayışla nəticələnməsi və digər çənlərə keçərək ağır fəsadların yaranmasına imkan verilməyib.
Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatında ümumilikdə 25 ədəd texnika və 135 nəfərə yaxın canlı qüvvə iştirak edib. Əməliyyata rəhbərliyi DYMX-nin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov edib.
***
14:30
Sumqayıtda Etilen-Polietilen Zavodunda yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt və Bakı qarnizonunun əməkdaşları cəlb edilib. Yanğın ərazisində 25 əsas və xüsusi texnika fəaliyyət göstərir. 100-dən çox şəxsi heyət yanğının söndürülməsinə cəlb edilib.
APA xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev deyib.
O bildirib ki, havanın isti keçməsi yanğının söndürülməsinə təsir göstərir: “Mürəkkəb və çətin prosesdir, lakin əlimizdən gələni edirik ki, yanğını qısa bir müddətdə söndürək”.
Səlcuq Elçin
Əli Əliyev