Gəncədə söküntü işləri aparılan evdə baş verən uçqun zamanı xəsarət alanların adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü S.Məmmədov, 2003-cü il təvəllüdlü K.Məmmədov və 2004-cü il təvəllüdlü T.Kərimov xəsarət alıblar.
Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 07.09.2025-ci il tarixində saat 15:50 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir.
***
15:26
Xəbərə fotolar əlavə edilib.
***
14:44
Gəncədə bədbəxt hadisə baş verib.
APA nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.
Belə ki, sözügedən ərazidə ev söküntüsü zamanı uçqun olub. Nəticədə usta 40 yaşlı T.Kərimov dağıntılar altında qalaraq ölüb. Məlumata görə, 3 nəfər xilas olub. Dərhal əraziyə FHN Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib. Ərazidə xilas etmə işləri gedir.