Dünəndən başlayaraq Azərbaycanın qərb bölgəsində güclü qar yağmağa başlayıb.
APA-nın yerli bürosunun məlumatına görə, dağlıq ərazilərlə yanaşı Gəncə, Şəmkir və digər şəhər və rayonlar da ağ örpəyə bürünüb.
Yolların büz bağlaması ilə əlaqədar yollarda avtomobillərin hərəkətində çətinliklər yaranıb. Buna görə də bir çox ərazilərdə yol-nəqliyyat hadisələri baş verib.
Gəncənin Qazax rayonu istiqamətindən çıxışında, “Aeroport yolu” adlanan hissəsində “VAZ 2107” markalı avtomobillə “FORD” markalı orta tonnajlı avtomobil toqquşub. Qəzaya səbəb avtomobillərdən birinin buzlu şəraitdə əyləcdən düzgün istifadə etməməsi olub.
Digər hadisə isə M.C. Paşayev küçəsi ilə A.Sur küçələrinin kəsişməsində, 13 saylı məktəbin yanında baş verib. Küçə ilə eniş edən sərnişin avtobusu sürüşmə nəticəsində yol kənarında olan elektrik dirəyinə çırpılıb. Xoşbəxtlikdən hər iki hadisə nəticəsində avtomobillər zədə alsa da insan xəsarəti yoxdur.
Hər iki faktla bağlı araşdırma aparılır.