Göygöl şəhərində fərdi yaşayış evində uçqun altında qalmış 1987-ci il təvəllüdlü Cəfərov Emin Əlivənd oğlunun meyiti FHN-in qüvvələri tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd edilib ki, axtarış-xilasetmə əməliyyatına FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it cəlb olunub.
FHN-in Gəncə Regional Mərkəzinin (RM) rəisi, polkovnik-leytenant Kənan Aşurov jurnalistlərə açıqlamasında bildirib ki, avqustun 15-də, saat 21.53 radələrində FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Gəncə RM-ə Göygöl rayonunda Heydər Əliyev prospekti-29 ünvanında yerləşən zirzəminin çökməsi nəticəsində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə çıxış olub. Hadisə yeri qiymətləndirilərkdən məlum olub ki, uçqun altında qalan şəxs 1987-ci il təvəllüdlü Cəfərov Emin Əlivənd oğludur. Saat 22-dən başlayan axtarış-xilasetmə işləri 16 avqust saat 14.00-da başa çatıb, meyit çıxarılaraq aiddiyyəti üzrə təhvil verilib.
***
01.16
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl şəhərində fərdi yaşayış evində 1 nəfərin uçqun altında qalması barədə məlumat daxil olub.
APA xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it axtarış-xilasetmə işlərinə cəlb olunub.
Xilasedicilər xüsusi texnika və avadanlıqlardan istifadə etməklə axtarış-xilasetmə işlərini davam etdirir.
Əlavə məlumat veriləcək.
***
23.25
Göygöldə çökən binanın dağıntıları altında qalan şəxsin kimliyi məlum olub.
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, bu, Cəfərov Emin Əlvan oğludur.
***
23.05
Xəbərə foto əlavə olunub.
***
22.28
Göygöldə binanın zirzəmisi çöküb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən binada qeydə alınıb.
İlkin məlumata görə evdə təmir gedərkən çökmə zamanı 1 nəfər dağıntı altında qalıb. Hadisə yerinə polis və FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Hazırda xilasetmə işləri gedir.
Göygöl RİH-in rəhbərliyi də hadisə yerindədir.