Keçmiş arvadını amansızlıqla qətlə yetirməkdə ittiham olunan şəxsə hökm oxunub

Keçmiş arvadını amansızlıqla qətlə yetirməkdə ittiham olunan şəxsə hökm oxunub
# 18 sentyabr 2024 11:46 (UTC +04:00)

Övladlarını görməyə gələn keçmiş həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Rövşən Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əli Əliyevin ifadəsi elan olunub. Şahidin ifadəsi elan olunduqdan sonra sənədlərin tədqiqinə başlanılıb.

Məlum olub ki, Rövşən Quliyev bundan öncə də 2 dəfə məhkum olunub.

Daha sonra məhkəmə istintaqı yekunlaşıb. Prokuror Orxan Səmədov Rövşən Quliyevin zərərcəkmiş tərəflə barışığının olmamasını, əvvəllər məhkum olunmasını nəzərə alaraq onun 19 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən Rövşən Quliyev son sözündə törətdiyi əməldən peşman olmadığını bildirib.
Məhkəmənin hökmünə əsasən, Rövşən Quliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il fevralın 13-də Bakının Nərimanov rayonu ərazisində baş verib. 39 yaşlı Rövşən Quliyevin Nərimanov rayonu S.Ələsgərov küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı Sevinc İbrahimovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, prokurorluğun qərarı ilə Rövşən Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Rövşən Quliyev üç il öncə boşandığı Sevinc İbrahimovaya küçədə 35 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Onların birgə nikahdan 14 və 6 yaşlı övladları var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR