Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığına əsasən, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarış proseslərinə başlanılıb.
APA xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, 2020-ci ilin noyabr ayından bəri işğaldan azad edilmiş ərazilərdə aparılan axtarış işləri nəticəsində aşkar edilmiş kütləvi məzarlıqlarda Şuşa rayonu Daşaltı kəndi ərazisində 28 , Xocavənd rayonu Edilli kəndi ərazisində 27 şəxsə, Füzuli rayonu Aşağı Seyidəhmədli kəndi ərazisində 9 , Ağdam rayonu Sarıcalı kəndi ərazisində 6 və digər ərazilərdə ümumilikdə 500-ə yaxın şəxsə aid insan meyit qalıqları tapılaraq götürülüb. Həmin meyit qalıqlarının I Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirilməsinin aparılması məqsədilə məhkəmə-tibbi ekspertiza ilə yanaşı 300-ə yaxın DNT ekspertizası təyin edilib.