Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkim məhkəmədə ifadə verib

Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkim məhkəmədə ifadə verib
# 20 iyun 2025 18:14 (UTC +04:00)

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə həbs olunan lor-cərrah Sənan Mehdiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sənan Mehdiyevin vəkili vəsatətlərlə çıxış edib.

Vəkilin vəsatətləri

Vəkil istintaq zamanı müstəntiqin qanun pozuntularına yol verdiyini əsas gətirərək, onun məhkəməyə çağırılmasını istəyib.

Eyni zamanda, bildirib ki, mərhum Nəzrin Mənsurlu özünü pis hiss etdiyi zaman onu yoxlamağa gələn həkim əlavə dərmanlar verib və heç bir sənədləşmə olmadan mənzili tərk edib: “Biz təcili yardım personalının hüquq və vəzifələri ilə bağlı bağlı Səhiyyə Nazirliyi və TƏBİB-ə sorğular vermişik. Lakin nəticəsiz qalıb. Məhkəmədən həmin qurumlara sorğu verilməsini xahiş edirik”.

Vəkil qeyd edib ki, xəstə yanvarın 3-də əməliyyat olunub, Sənan Mehdiyev ona 6-7 dəfə zəng edib: “Bununla bağlı anten məlumatları da var. Məhkəmədən xahiş edirəm ki, həmin sənəd zərərçəkənlərə, proses iştirakçılarına nümayiş edilsin”.

Vəkil qeyd edib ki, müvəkkilinin adından bəzi sənədlər imzalanıb, amma onları Sənan Mehdiyev imzalamayıb. O, məhkəmədən xəttşünaslıqla bağlı ekspertiza təyin edilməsini xahiş edib.

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini istəyib.

Nəzrin Mansurlunun hüquqi varisinin ifadəsi

Zərərçəkmiş şəxsin hüquqi varisi Fərid Mənsurlu bildirib ki, həyat yoldaşının ölümünə onun meningit olması səbəb olub: “Burada deyilir ki, həkim bizimlə əlaqə saxlayıb. Bu, belə deyil. Bizim əlaqə saxladığınız şəxs həkim köməkçisi olub. Ayın 5-i Sənan həkim bizimlə əlaqə saxlayıb. O vaxtadək Sənan Mehdiyevin bizimlə telefon danışığı olmayıb”.

Məhkəmə sorğuların verilməsi ilə bağlı vəsatətləri təmin edib.

Xəttşünaslıqla bağlı ekspertiza keçirilməsi və müstəntiqin məhkəmə çağırılması ilə bağlı vəsatət baxılmamış saxlanılıb.

Zərərçəkən tərəfin vəkili bildirib ki, Nəzrin Mənsurlu vəfat etdikdən sonra Səhiyyə Nazirliyi həmin xəstəxanada yoxlama aparıb: “Yoxlamalardan sonra həkim barəsində protokol tərtib olunub. Bununla bağlı Səhiyyə Nazirliyinə sorğu verdik. Lakin sorğumuz cavabsız qaldı. Məhkəmədən həmin sorğuların əldə olunması üçün Səhiyyə Nazirliyinə sorğu verilməsini xahiş edirik”.

Sənan Mehdiyevin ifadəsi

Daha sonra Sənan Mehdiyev sərbəst ifadə verib. O, hadisədən kədərləndiyini bildirib və Nəzrin Mənsurlunun yaxınlarından üzr istəyib: “Hadisəyə görə üzr istəyirəm. Telefon danışığı epizodu üzrə isə deyə bilərəm ki, bizim telefon danışıqlarımız olub. Fərid bəy nə zaman zəng edibsə, cavab vermişəm. Mənə bütün xəstələr zəng edəndə hər zaman cavab vermişəm, o cümlədən, Fərid bəydən gələn bütün zənglərə..."

Daha sonra məhkəmə istintaqının başlandığı elan edilib. Prokuror ittiham aktını elan edib.

İttiham aktı

İttihama görə, həkim əməliiyat zamanı burun sümüyünün sındırılması üçün istifadə edilən alətlə ehtiyatsız davranaraq, Nəzrin Mansurlunun burun, alın və ön çənə sümüklərinin əlavə sınıq xəsarətlərinin yetirilməsinə səbəb olub.

Daha sonra xəstə 2025-ci il yanvarın 5-də vəziyyətinin ağırlaşması ilə əlaqədar “Bona Dea”xəstəxanasına yerləşdirilib.

İttihamda göstərilib ki, Nəzrin Mansurlu həkim Sənan Mehdiyevin əməliyyat zamanı burun, alın, xəlbir sümüklərinin sındırması nəticəsində aldığı xəsarətlərdən 12 yanvar 2025-ci ildə “Bona Dea” Xəstəxanasında ölüb.

Təqsirləndirilən Sənan Mehdiyev iş üzrə özünü təqsirli bilməyib və istintaqa verdiyi ifadəni təsdiq edib.

Daha sonra təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.

Növbəti proses iyunun 30-da keçiriləcək.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR