Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Yuxarı Salahlı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinin həyətyanı sahəsində ümumi sahəsi 20 kv.m. olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış nəticəsində tikiliyə ziyan dəyib, 2 nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
09.25
26.11.2026-cı il tarixində saat 07:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digər şəxsin vəziyyəti isə ağır qiymətləndirilir.
***
08.16
Qazax rayonunda evdə qaz partlaması nəticəsində iki nəfər yanıq xəsarətləri alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Kənd sakinləri, 1961-ci il təvəllüdlü M. Kəlayev və onun anası, 1939-cu il təvəllüdlü D. Kəlayeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hər iki şəxsə tibbi yardım göstərilib. M. Kəlayevin vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, ana və oğlu yaşadıqları evdə qaz sobasının partlaması nəticəsində xəsarət alıblar.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.