Bank Of Baku

Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB-3

Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB-3
# 29 avqust 2024 12:25 (UTC +04:00)

Qubada fəhlələri daşıyan mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində xəsarət alan 14 nəfərin kimliyi bilnib.

APA-nın yerli bürosu xəbər verir ki, xəsarət alanların - Arzu Ağazadə, Tural Əlisultanov, Aliyə Hacıyeva, Kamal Paşayev, Gülarə Yunusova, Elmar Kamalov, Gülbikə Səfərəliyeva, Pərvanə Məmmədova, Gülnar Əlisultanova, Sərxan Əhmədov, Qənilə Gülbalayeva, Elsevər Əmrahov, Zenfira Rüstəmova, Rəvanə Xasıyeva - Quba və Xaçmaz rayon sakinləri olduğu bildirilir.

Hadisə zamanı xəsarət alan Quba rayonunun Barlı kənd sakini 1957-ci il təvəllüdlü Əzimə Mirişova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

Məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə Quba rayonun Barlı kəndinə yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobili “Chevrolet” markalı minik avtomobili ilə toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

11.44

Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 14 nəfər (9-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Bu barədə APA-ya xəstəxanadan bildirilib.

Məlumata görə, xəsarət alanların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

Onlardan 8 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.

Qeyd edək ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Cəfər Talıb

***

10.53

Avqustun 29-da saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.

Qeyd edilib ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

10:17

Qubada baş verən yol qəzasında xəsarət alanların sayı 12-yə çatıb.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

***

08.52

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində "Mercedes" markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR