Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.
APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.
Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub
***
Saat 18:06
Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir. Ümumilikdə 7 hektara yaxın ərazidə əsasən, quru ot və kol-kos yanır.
Qeyd edilib ki, yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
17.00
Şamaxı rayonunun Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə baş verən yanğın davam edir.
APA-nın Şirvan bürosu xəbər verir ki, yanğın Kərkənd ərazisində mürəkkəb dağlıq relyefə malik sahədə qeydə alınıb. Yanan ərazi kol-kos və otlaq sahədən ibarətdir. Əraziyə Şamaxı Yanğından mühafizə bölməsinin 25 nəfər şəxsi heyəti, yanğınsöndürən avtomobilləri cəlb olunub.
İlkin məlumata görə, yanğın ümumilikdə 3 hektar ərazini əhatə edir.
***
15.20
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir.
Əlavə məlumat veriləcək.