Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 17 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.
Rayonun Baş Göynük kənd sakini 77 yaşlı Fikrət Səmədovun idarə etdiyi “VAZ” markalı minik avtomobili ilə 75 yaşlı Şəki rayon sakini Məmmədəli Mənəfovun idarə etdiyi “Volkswagen” markalı minik avtomobili toqquşub.
Qəza zamanı sürücülər F. Səmədov, M. Mənəfov, “VAZ” markalı avtomobildə olan sərnişin, rayonun Baş Göynük kənd sakini 43 yaşlı Nazim Məmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Daha üç nəfər sərnişinə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
DİN-nin Mətbuat Xidmətinin Şəki Regional Qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Şəkidə baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 03.10.2025-ci il tarixində saat 18:00 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasına 6 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.