Prokurorluq Şəmkirdə baş verən qətl barədə məlumat yayıb.
Şəmkir rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Belə ki, oktyabrın 22-də Şəmkir rayon sakini 1979-cu il təvəllüdlü Ruslan Bayramovun üzərində xəsarət izləri olan meyitinin kirayə yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmişin tanışı 1990-cı il təvəllüdlü Mustafa Eyyubovun oktyabrın 19-da aralarında baş vermiş mübahisə zamanı Ruslan Bayramovun baş nahiyəsinə tüfəngdən atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Mustafa Eyyubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.
***
11.08
Şəmkir rayonunda qətl törədin qaçan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şəmkir Rayon Polis Şöbəsinə oktyabrın 22-də saat 14 radələrində Seyfəli kəndindəki bir evin həyətindəki yardımçı təsərrüfatda rayon sakini Ruslan Bayramovun meyitinin tapılması barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayonun Çinarlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mustafa Eyubovun tüfəngdən açdığı atəşlə R.Bayramovu öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Eyubov Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində tutularaq istintaqa təhvil verilib.
Çinarlı qəsəbəsindəki evə baxış zamanı onun cinayəti törədərkən istifadə etdiyi R.Bayramova məxsus “TOZ-16” markalı ov tüfəngi və 29 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.