Talassemiyalı uşaqlara yığılan pulu mənimsəməkdə ittiham olunan şəxslər məhkəmədə ifadə verib

Talassemiyalı uşaqlara yığılan pulu mənimsəməkdə ittiham olunan şəxslər məhkəmədə ifadə verib
# 11 sentyabr 2024 17:55 (UTC +04:00)

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nuridə Seyidova və Aynur Bayramova dindirilib.

Nuridə Seyidova çıxışı zamanı 2016-cı ildən dərman şirkətləri ilə çalışdığını bildirib:

“Türkiyə və Rusiyada olan dərman şirkətləri ilə fiziki şəxs kimi müqavilə əsasında çalışırdıq. Dərman şirkətləri özləri də bu işdə maraqlı olduqları üçün əməkdaşlıq üçün mütaciət edirdi”.

Hakimin “Hansı xəstəxanaların vəzifəli şəxslərindən sizə xəstə yönlədirmə olurdu” sualına cavab olaraq Nuridə Seyidova deyib ki, onlara bir neçə dəfə belə zənglər daxil olub:

“Mərkəzi Klinikada cərrah olaraq çalışan Tariyel həkim və Mərkəzi Gömrük Hospitalında transplantoloq Mircəlal həkim xəstələri Ayselə, Aysel də mənə ötürürdü”.

Digər təqsirləndirilən Aysel Məmmədova çıxışı zamanı əməliyyatdan öncə xəstədən pulun 50 faizinin alındığını və qalan məbləği Nuridəyə verdiyini bildirib: “Əməliyyat 50 min manat idisə, xəstə yaxınları 50 faizini, yəni 25 min ödəyirdi. Pullar Mərkəzi Klinika, Olimp Hospital və Mərkəzi Gömrük Hospitalına köçürülürdü”.

Bununla yanaşı, təqsirləndirilən şəxs Aynur Bayramova rentgen texniki vəzifəsində çalışdığını və tibb kollecini bitirdiyini qeyd edib: “Mənim qızım da xəstə idi. Onu müalicə üçün Türkiyəyə aparırdım. 2018-ci ildə oradan Səbahəddin doktor Bakıya gəldi. Ona transplantoloq lazım olduğunu bildirdi... Mənə bildirdilər ki, övladımın sağalmasına köməklik edəcəklər və ora gedib-gəlmək, qalmaq xərci qarşılanacaq. Mən Antalya Medical Hospitalda Akif doktorun yanında köməkçi işlədim. Onun yanına gələn xəstələri siyahıya alırdım. Orada 5 il çalışdım”.

Aynur Bayramova qeyd edib ki, onu Nuridə Seyidova ilə Fidan adlı qadın tanış edib:

“2022-ci il may-iyun ayında mən Nuridə ilə işə başlamışam. Rəsmi işləməmişəm. Nuridənin “AMAY Plaza”da ofisi var idi. Səbahəddin doktor bildirdi ki, Fidan xanımın iştirakı ilə yeni ofis götürülsün. Bura türk doktorların çalışması üçün uyğun deyil. Biz “Çinar Plaza”da yeni ofis tutduq”.

Təqsirləndirilən şəxs Antalya Medical Hospitaldan ayda 500 dollar əmməkhaqqı aldığını, qan daşıyan kimi çalışdığını, qan apararkən bütün xərclərinin qarşılandığını qeyd edib.

A. Bayramova bildirib ki, ona gətirdiyi hər xəstə üçün məbləğin 20 faizini alacağını bildiriblər.

Hakimin “görüntülərdə sənin 20-25 min pul aldığın məqamlar var. Pulları kimə verirdin” sualına cavab olaraq təqsirləndirilən şəxs “O pulları mən Nuridənin masasının üzərinə qoyurdum. O da sürücüsü vasitəsi ilə pulları dollara çevirtdirirdi”, cavabını verib.

Proses sentyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR