Bank Of Baku

Baş Prokurorluq: Tərtərdə yanğın törədərək ər-arvadı öldürüb cinayəti gizlətməyə çalışan şəxs tutulub - YENİLƏNİB-1

Baş Prokurorluq: Tərtərdə yanğın törədərək ər-arvadı öldürüb cinayəti gizlətməyə çalışan şəxs tutulub - YENİLƏNİB-1
# 07 avqust 2026 11:14 (UTC +04:00)
0:00 / 0:00
80%

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs tutulub.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Tərtərdə fərdi yaşayış evində baş vermiş yanğınla bağlı aparılan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin əslində iki şəxsin qəsdən öldürülməsi ilə müşayiət olunan ağır cinayət olduğu müəyyən edilib. Cinayətin izlərini gizlətmək məqsədilə evə od vurulduğu, hadisə nəticəsində evdə yaşayan ər-arvadın öldürüldüyü və külli miqdarda pul vəsaitinin ələ keçirildiyi müəyyən olunub.

Belə ki, 2026-cı il avqustun 6-da Tərtər şəhəri, Nəriman Nərimanov küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunaraq yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Yanğın söndürüldükdən sonra evə keçirilən baxış zamanı orada yaşayan 1941-ci il təvəllüdlü Səmədov Əsgər Vəli oğlu və onun arvadı, 1954-cü il təvəllüdlü Hüseynova Adilə Soltan qızının meyitləri aşkar edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İlkin olaraq yanğın hadisəsi kimi qeydə alınan faktın bütün hallarının, o cümlədən şəxslərin ölüm səbəblərinin və yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin prokuror-kriminalistləri, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsinin müstəntiqləri, Tərtər rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə qısa müddətdə genişmiqyaslı və kompleks istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, zəruri ekspertizalar təyin edilib, çoxsaylı şəxslər dindirilib, əldə olunmuş məlumatlar qarşılıqlı əlaqələndirilərək təhlil edilib.

Toplanmış dəlillərlə yanğının təsadüfi xarakter daşımadığı, hadisənin qəsdən adam öldürmə ilə əlaqəli olduğu müəyyən edilib.

İbtidai istintaqla Baxşəliyev Vüqar Mehman oğlunun avqustun 6-da qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evindən külli miqdarda pul vəsaitini ələ keçirməsi, törətdiyi oğurluq cinayətinin izlərini gizlətmək məqsədilə evdə yanğın törədərək orada yaşayan Əsgər Səmədovla Adilə Hüseynovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əldə edilmiş sübutlar əsasında Vüqar Baxşəliyevin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədilə adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədilə adam öldürmə) və 120.2.7-ci (iki şəxsi öldürmə) maddələri ilə tövsif edilib və o, prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə icraat Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsində davam etdirilir.

Cinayətin bütün hallarının, o cümlədən onun törədilməsinə səbəb və şəraitin tam və hərtərəfli araşdırılması, hadisəyə hüquqi qiymət verilməsi istiqamətində zəruri tədbirlər icra olunur.

***

10.43

Tərtərdə ər-arvadın yanaraq ölməsi faktı ilə bağlı saxlanılan var.

APA xəbər verir ki, hadisənin qarət məqsədilə törədildiyi məlum olub.

İlkin məlumata görə, evdən 17 min manat oğurlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən Vüqar Baxşəliyev saxlanılıb.

Onun dəfələrlə məhkum olunduğu bildirilir.

Emin Şirvanzadə

***

6 avqust, 10.25

Tərtərdə yanğın baş verib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Yanğın zamanı ər-arvad – Əsgər Səmədov və Adilə Hüseynova yanaraq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR