İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Hazırda batdığı ehtimal olunan digər şəxsin axtarışları intensiv şəkildə davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, iyunun 2-də hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb. 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.