Külli miqdarda dələduzluqda ittiham edilən, mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində qərar qəbul olunub.
APA xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.
Məhkəmənin qərarına əsasən, hər iki şəxs barəsində həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər külli miqdarda dələduzluq etməkdə ittiham edilir. Onlar ötən ay məhkımənin qərarı ilə həbs edilib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.
Onların zərərçəkmişlərə vurduğu ziyan 600 min manatdan çoxdur. İş üzrə 4 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Zərərçəkənlərdən Mirəli Cəfərova 65 min 620 manat, Elbrus Seyidova 245 min 650 manat, Elşən Mahmudbəyliyə 112 min 280 manat, Əbülfəz Allahverdiyevə 253 min 500 manat məbləğində ziyan vurulduğu bildirilir.