APA-nın xəbərinə görə, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, bu ilin fevral ayında Hacıqabulda maqnitudası 5,8 olan zəlzələnin baş verməsi bütün respublikanı silkələmişdi. Hətta bu zəlzələnin Bakıda da hiss olunduğunu söyləyən Q. Yetirmişli qeyd edib ki, bu zəlzələ aktivləşmə gedən zəlzələ ocaqlarını oyadıb tezləşdirdi: “Onun nəticəsidir ki, həmin vaxtdan bu günə kimi maqnitudası 5-dən yuxarı olan 6 zəlzələ baş verib. Hiss olunan təkanların sayı 23, xırda təkanların sayı isə lap çoxdur. Hazırda ən aktiv zona Qəbələdədir və proses gedir. Qəbələ-Xınalıq, Daşgil-Mədrəsə, İsmayıllı-Qəbələ, Qəbələ-Çaxırlı, Qozluçay plitələrində dərinlik qırılmaları, geodinamik hərəkətlər nəticəsində aktivləşmə gedir və zəlzələlər baş verir”.
Q. Yetirmişli vurğulayıb ki, əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur.