Xaçmaz. Vəli Turan – APA. Yanvarın 30-da gecə saatlarından başlayaraq ölkənin əksər rayonlarına, o cümlədən şimal bölgəsində qar yağıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, bölgənin bəzi ərazilərinə təxminən 52 sm-dək qar düşüb. Quba Regional Hidrometeorologiya İdarəsindən APA-ya verilən məlumata görə, ən çox yağıntı Xaçmaz rayonunun Nabran ərazisinə düşüb. Burada qarın hündürlüyü 52 sm-dir. Quba-Qusar rayonlarına 18, Siyəzənə 24 sm qar yağıb.
Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Yetkin Mehmanov APA-ya bildirib ki, elektrik təsərrüfatında bəzi problemlər yaranıb: “Problemlərin həll edilməsi istiqamətində işlər aparılır. Ümumilikdə rayonda ciddi problem yoxdur”.
Quba rayon fövqəladə hallar komissiyasının sədri Yusif Abdidov isə deyib ki, rayonun elektrik təchizatında ciddi problemlər müşahidə olunmur.
Quba 5 saylı yol istismar idarəsinin sədri Aydəmir Manafov Bakı-Quba-Rusiya Federasiya magistral yolunun idarənin xidmət etdiyi istiqamətində hərəkətin təmin olunduğunu bildirib: “Yol bağlanmayıb. Səhərə qədər ərazidə texnika işləyib. Rayonun digər ərazilərində, xüsusilə kənd yollarında təmizləmə işlərində çətinliklər var”.