Hacıqabul rayon Muğan kənd ərazisində sərnişin avtobusu aşması səbəbilə xəsarət alan 28 nəfər (12 kişi, 7 qadın, 9 azyaşlı) 12.07.2026-cı il tarixində saat 06:00 radələrindən başlayaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunub.
Bu barədə APA-nın yerli bürosu məlumat verib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***
10:48
Baş Dövlət Yol Polisi İdarəsi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.
İdarədən APA-ya verilən xəbərə görə, hadisə 12 iyul tarixində, saat 05:15-də Bakı-Qazax-Gürcüstan dövlət sərhədi yolunun Hacıqabul rayonu Muğan qəsəbəsindən keçən 132-ci kilometrliyində qeydə alınıb.
Alqışov Ramil Bilal oğlunun idarə etdiyi "Yutong" markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə yolun sol kənarındakı beton arakəsmələrə dəyib. Daha sonra aşıb.
Hadisə nəticəsində 2 nəfər - Osmanova Səbinə Paşa qızı və Qurbanzadə Ayxan Yusif oğlu xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.