NATO Əfqanıstandakı sülhməramlıların sayının daha 7 min nəfər artırılmasına qərar verib

NATO Əfqanıstandakı sülhməramlıların sayının daha 7 min nəfər artırılmasına qərar verib
# 05 dekabr 2009 09:23 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Brüsseldə NATO xarici işlər nazirlərinin növbəti toplantısı keçirilib. NATO-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xarici işlər nazirləri səsvermə nəticəsində Əfqanıstandakı NATO sülhməramlılarının sayının daha 7 min nəfər artırılmasına qərar veriblər.

Bununla, Əfqanıstandakı əsgər və zabitlərin sayı ABŞ kontingenti də daxil olmaqla 37 min nəfərə çatacaq.

Qeyd edək ki, Almaniya və Fransa hərbçilərin sayının artırılmasının əleyhinə səs verib.

Xarici işlər nazirləri NATO-Gürcüstan və NATO-Ukrayna komissiyalarının iclaslarında Alyansın bu ölkələrlə münasibətlərini də müzakirə ediblər.

NATO rəhbərliyi bir daha Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və Rusiyanın Cənubi Osetiya və Abxaziyanı tanıması barədə qərardan geri çəkilməyə çağırıb. Öz növbəsində, Gürcüstan Əfqanıstandakı sülhməramlıların sayının artırılması qərarını dəstəkləyib və oraya daha piyada taboru göndərəcəyini bildirib.

Bundan başqa, Monteneqronun Alyansa Üzlük üzrə Fəaliyyət Planına qoşulması barədə də qərar verilib. 2006-cı ildə müstəqilliyini elan edən Monteneqro ötən il bu proqrama qoşulmaq üçün müraciət edib. Monteneqronun proqrama qoşulması yekdilliklə dəstəklənib. Bu ölkə NATO-nun 29-cu üzvü ola bilər.

Qeyd edək ki, Brüsseldə keçirilən toplantıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR