Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsal həcmi 3 dəfə artıb

Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsal həcmi 3 dəfə artıb
# 28 yanvar 2010 18:52 (UTC +04:00)
Tədbirdə çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov 2009-cu ilin MSN üçün uğurlu keçdiyini vurğulayıb. Nazir bildirib ki, ötən il Silahlı Qüvvələri müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün MSN-in müəssisələrində yeni istehsal sahələri yaradılıb. Azərbaycan ilk dəfə olaraq ötən il MSN-in müəssisələrində yaradılan və istehsal olunan məmulatlarla Türkiyədə keçirilən IDEF-2009 beynəlxalq müdafiə sərgisində təmsil olunub. Belə bir sərgidə Azərbaycanın öz milli məhsullarını nümayiş etdirməsi digər dövlətlər tərəfindən xüsusi maraqla qarşılanıb.

Y. Camalov qeyd edib ki, 2008-ci illə müqayisədə 2009-cu ildə nazirlik üzrə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi 3 dəfə, mülki məhsulların həcmi isə 20% artıb. Ümumilikdə 586 adda məmulat istehsal edilib ki, bunun da 350-si müdafiə təyinatlı məmulatlardır.

«Bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş dövlətlərinin firma və şirkətləri ilə sıx əməkdaşlıq edir», - deyə nazir vurğulayıb.

Daha sonra nazir müavinləri Yəhya Musayev və Tofiq Rəfiyev 2009-cu il üzrə nazirliyin tabeli birlik və müəssisələrinin istehsal, elm, maliyyə, sosial və digər sahələrdə fəaliyyətinin yekunları barədə məlumat verib. Müəssisələrin fəaliyyəti haqqında müəssisə rəhbərlərinin hesabat xarakterli çıxışları dinlənilib.

İclasın sonunda çıxış edən Y. Camalov qeyd edib ki, Ali Baş Komandanın ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı tapşırıqlarının yerinə yetirilməsi üçün kollektiv bütün gücünü səfərbər etməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR