Azərbaycan Ordusunda könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyən vətəndaşların qəbulu davam edir. Müdafiə Nazirliyinin (MN) Təlim Tədris Mərkəzində keçirilən qəbulu izləmək üçün MN tərəfindən media-tur təşkil olunub.
APA-nın xəbərinə görə, media-tur zamanı Təlim Tədris Mərkəzinin rəisinin müavini, polkovnik Vidadi Cahangirov bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək olan vətəndaşlar hərbi birliklərin, qoşun növlərinin, hərbi hissələrin qərargahlarında, eləcə də Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilirlər: "“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir. Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur".
Polkovnik həmçinin onu qeyd edib ki, Vətən müharibəsindən sonra müddətdən artıq hərbi qulluqçu olmaq istəyən şəxslərin sayı artıb: "Həmçinin qəbulla bağlı prosedurlar asanlaşdırılıb. Qəbul olmaq istəyən şəxslərin tez bir zamanda müraciətlərinə baxılır və adiyyatı üzrə komissiyalara cəlb olunur".