Balakən. Vüqar Heydərov-APA. Azərbaycan-Rusiya sərhədində keçirilən “Sərhəd-sipər” əməliyyatı çərçivəsində Balakən rayonunda xeyli sayda silah-sursat tapılıb.
Balakən rayon hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, “sərhəd-sipər” əməliyyatı ilə əlaqədar rayon ərazisində dörd yerdə post qurulub, tədbirin ilk iki günü ərzində xeyli sayda silah-sursat və narkotik bitki aşkarlanıb.
Keçirilmiş əməliyyat tədbiri zamanı Balakən rayonu Apılıq kəndindən 600 metr dağ istiqamətində 1 ədəd lüləsində E-44096 yazısı olan təklülə ov tüfəngi, 1 ədəd 1958-ci il istehsalı olan üzərində 66232 yazısı olan 5,5 mm-lik TOZ-8 tüfəngi, 61 ədəd 7,62 çaplı “Kalaşnikov” avtomat silahının gülləsi və 144 ədəd “Makarov” markalı tapança gülləsi aşkarlanaraq götürülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tapılması istiqamətində aparılan əməliyyat tədbiri zamanı isə, rayonun Gərəkli kənd sakini, 1947-ci il təvəllüdlü Qarayev Həmzət Qurbanmahma oğlunun yaşadığı evin həyətyanı sahəsində axtarış aparılıb. Nəticədə Həmzət Qarayevin yaşadığı evin həyətində aqrotexniki qaydada becərilmiş, hündürlüyü 20 sm-dən 1 metrə qədər olan 4 ədəd narkotik bitki hesab edilən çətənə kolu aşkarlanıb.
Götürülmüş silah-sursat hər hansı cinayət hadisəsində işlənib-işlənmədiyini öyrənmək üçün Daxili İşlər Nazirliyini silah anbarına göndəriləcək.
Qeyd edək ki, “Sərhəd-sipər” əməliyyatında Azərbaycan və Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edir. Əməliyyatın mayın 27-nə kimi davam edəcəyi bildirilir.