Bakı. Etibar Məmmədov - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində “Sərhəd” hərbi idman oyunları üzrə yarışın qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
APA-nın məlumatına görə, DSX, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən DSX-nin rəis müavini, general-mayor İsmayıl Əkbərov bildirib ki, yarışda oyun iştirakçıları üçün yaradılmış şərait məktəblilərə bütün mərhələlərdə öz bacarıqlarını sərbəst şəkildə nümayiş etdirməyə imkan verib. İ.Əkbərov qeyd edib ki, final iştirakçıları “Sıra hazırlığı”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd pozucusunun yaxalanması və onun təxliyəsi”, “Maskalanma”, “Tüfəngdən hədəfə atəş açmaq”, “Ləpirçilik” mərhələlərini uğurla keçiblər: “Yarışların ümumi nəticələri göstərir ki, məktəbli gənclərimizin qələbə qazanmaq əzmi, sərhədçi peşəsinin incəlikləri ilə maraqlanmaq, sərhəd mühafizəsi işinin təşkili ilə tanış olmaq istəkləri yüksəkdir”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev və Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov da məktəblilər arasında keçirilən yarışı yüksək qiymətləndiriblər.
Sonra oyunun qalibləri mükafatlandırılıb. Ağstafa rayonunun Böyük-Kəsik kənd orta məktəbinin “Sərhədçi” komandası yarışın qalibi elan olunub.
Qeyd edək ki, bu ilki oyunların final turu iyun ayının 3-dən 11-dək davam edib və finalda sərhədyanı rayonlardan 8 komanda iştirak edib.