Astara. Ağəddin Babayev – APA. Aprelin 20-də Lənkəran Sərhəd Dəstəsinin Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən sərhəd zastavasında “Valideyn günü” keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, övladlarının görüşünə gəlmiş valideynlər zastavada yaradılmış şəraitlə tanış olublar.
Lənkəran Sərhəd Dəstəsinin rəisi, polkovnik-leytenant Elşən Mirzəyev müddətli hərbi qulluqçularla təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsində, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə edilməsində və kollektivdə sağlam mənəvi mühitin yaradılmasında valideynlərlə sıx əlaqələrin yaradılmasının vacibliyindən danışıb.
Görüşdə çıxış edən valideynlər sərhəd zastavasında yaradılmış xidmət və buradakı məişət şəraitindən razı qaldıqlarını bildirərək, gənc əsgərlərə tövsiyələrini, öyüd-nəsihətlərini çatdırıblar.
Sonda bir qrup hərbi qulluqçuya “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanları, fəxri-fərman və xatirə hədiyyələri, xidmətdə fərqlənmiş hərbi qulluqçuların valideynlərinə təşəkkür məktubları təqdim olunub.
Görüş hərbi hissənin bədii özfəaliyyət kollektivinin rəngarəng konsert proqramı ilə başa çatıb.