Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Bakıda səfərdə olan Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayri Kıvrıkoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. DSX-nin mətbuat mərkəzindən APA-ya verilən xəbərə görə, E. Quliyev qonaqlara Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkə ərazisinin 20 faizinin, eləcə də Azərbaycan-İran sərhədinin 132 kilometrinin işğal altında olması, bu ərazilərdən qaçaqmalçılıq və digər qeyri-qanuni məqsədlərlə istifadə edilməsi, Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər barədə danışıb.
Görüşdə qarşılıqlı əməkdaşlığın vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib. Sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mövcud əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd olunub.