Bakı. Rəşad Süleymanov - APA. Cari ilin dekabr ayı ərzində (30 gün) cəbhə xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi 131 dəfə pozulub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, dekabr ayında cəbhədə baş verən döyüşlərdə Azərbaycan Ordusu itki verməyib. Yalnız dekabrın əvvəllərində cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Ordusunun bir zabiti minaya düşərək yaralanıb.
Dekabr ayında atəşkəs rejiminin daha çox Qarabağ cəbhəsində pozulması müşahidə olunub. Ötən 30 gün ərzində atəşkəs rejimi cəbhənin Ağdam rayonu istiqamətində 44 dəfə pozulub. Atəşkəsin pozulması faktlarının sayına görə sonrakı yerdə Füzuli rayonu (33 hadisə) gəlir. Bundan başqa, qeyd olunan dövrdə atəşkəs Goranboy rayonu istiqamətində 15, Tərtər rayonu istiqamətində 12, Xocavənd rayonu istiqamətində 11, Cəbrayıl rayonu istiqamətində isə 6 dəfə pozulub.
Ermənistan-Azərbaycan dövlət sərhədində isə atəşkəs Qazax rayonu istiqamətində 7 dəfə, Tovuz rayonu istiqamətində 2, Gədəbəy rayonu istiqamətində isə 1 dəfə pozulub.