Dövlət Sərhəd Xidmətinin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.
DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, hesabat müşavirəsində Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov da iştirak edib.
Fuad Ələsgərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərhəd təhlükəsizliyi məsələlərinə ali diqqət və qayğısı, hesabat dövründə dövlət sərhədinin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər və həyata keçirilmiş struktur islahatlar, Dövlət Sərhəd Xidməti qarşısında duran vəzifə və tapşırıqlar haqqında danışıb.
Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev silahlı birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2018-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib. 2017-ci ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olması qeyd olunub.
Müşavirədə qeyd olunub ki, 2017-ci ildə geniş miqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilib, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət tərəfindən böyük döyüş məharəti nümayiş etdirilib. Avqust ayında Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin 2 helikopteri iştirak edib, uçuş heyətlərimiz tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib.
Sərhəd xəttində xüsusi işarəverici texniki komplekslərin, texniki müşahidə məntəqələrinin və videomüşahidə kameralarının quraşdırılması nəticəsində dövlət sərhədinin pozulmasının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunub.
Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin üzərilərinə düşən vəzifələri və Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını daima şərəf və ləyaqətlə yerinə yetirəcəkləri vurğulanıb.
Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.