Bakı. Könül Kamilqızı – APA. Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Mərkəzinin əsgərlər arasında elan etdiyi “Dövlətimi, xalqımı, ailəmi qoruyuram!” adlı əsgər məktubu müsabiqəsi başa çatıb. APA-nın xəbərinə görə, Heydər Əliyev Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə bildirilib ki, mərkəz fəaliyyətə başladığı qısa bir müddət ərzində bir sıra sahələrdə, xüsusilə Heydər Əliyevin dövlətçilik ənənələrinin və irsinin yaşadılması istiqamətində bir sıra layihələr, bəzi müsabiqələr keçirib. “Dövlətimi, xalqımı, ailəmi qoruyuram!” adlı əsgər məktubu müsabiqəsinin məqsədi isə əsgərlər arasında vətənpərvərlik hissələrini aşılamaq və bu hissləri onların öz dilindən eşitmək olub. Əsgər müsabiqəsi qaliblərinin mükafatlandırılması Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95 illik yubileyi ərəfəsinə təsadüf edib. Məhz bu ərəfədə tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Əsgər məktubları “Vətənə əsgər kimi xidmət etməyin müqəddəsliyi nədədir?”, “Azərbaycan əsgəri dövləti, xalqı, ailəsi qarşısında öz borcunu necə yerinə yetirir?”, “Azərbaycan əsgəri, orduda xidmət barədə fikir və duyğularını bölüş, ən yaxşı əsgər məktubunun müəllifi kimi qalib ol!” məqamlarını əhatə edib. Əsgər məktubları 27 mart tarixindən 27 aprel tarixinədək poçt vasitəsilə Heydər Əliyev Mərkəzində qəbul edilib. Bu müddətdə müsabiqəyə 1100 məktub daxil olub. Onlar silahlı qüvvələrin bütün qoşun növlərini əhatə edib. Müsabiqə nəticəsində 53 qalib seçilib ki, onlardan da 3 nəfər I, II, III yerlərə, digərləri isə həvəsləndirici yerlərə layiq görülüblər. I yerin qalibi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Vaqif Xəlilov, II yerin qalibi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Bəhram Nəcəfquluzadə, III yerin qalibi isə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin əsgəri İlkin Dostiyev olub.
Müsabiqədə fərqlənin daha 50 nəfərə həvəsləndirici mükafat və diplomlar təqdim edilib.