Süni intellekt sistemlərinin müstəqil qərarvermə və əməliyyat həyata keçirmə imkanları artdıqca onların fəaliyyətinə nəzarət mexanizmləri də gücləndirilməlidir.
"APA-Economics" xəbər verir ki, bunu Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) icraçı direktoru və İdarə Heyətinin sədri Hannes Astok Bakıda keçirilən informasiya təhlükəsizliyi rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.
Onun sözlərinə görə, ənənəvi kibertəhlükəsizlik sistemləri əsasən informasiya sistemlərinin kənar hücumlardan qorunmasına yönəlib. Lakin süni intellekt yeni bir çağırış yaradır: səlahiyyət verilmiş sistemlərin hansı əməliyyatları həyata keçirə biləcəyinə nəzarət.
"Sistemlərin avtonomluğu artdıqca idarəetmə daha zəif deyil, daha güclü olmalıdır", – deyə Astok vurğulayıb.
O bildirib ki, bunun üçün etibarlı identifikasiya, səlahiyyətlərin idarə olunması, monitorinq, əməliyyatların qeydə alınması və audit imkanları təmin edilməlidir.
Ekspert qeyd edib ki, süni intellekt agentlərinin faktiki olaraq hansı əməliyyatları həyata keçirdiyini izləmək və onların müəyyən edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərməsini təmin etmək vacibdir.
Astok əlavə edib ki, Avropa İttifaqının rəqəmsal yanaşmasının əsas məqsədlərindən biri genişmiqyaslı etimad mexanizmlərinin yaradılmasıdır.
Onun sözlərinə görə, vahid bazar, sərhədlərarası xidmətlər, rəqəmsal identifikasiya və məlumatların qorunması bu yanaşmanın nümunələridir.