Paşha Bank
Bank Of Baku

Nazir müavini: Azərbaycanda dövlət sektorunun rəqəmsallaşdırılması kifayət qədər inkişaf edib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov

© APA | Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov

# 25 sentyabr 2026 15:05 (UTC +04:00)

Azərbaycanın rəqəmsal inkişafında növbəti mərhələ icranın sürəti və keyfiyyətidir.

APA xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Ağıllı iqtisadiyyatlar: Süni intellekt, innovasiya və rəqəmsal transformasiya” adlı panel sessiyada deyib.

O bildirib ki, son dövrlərdə süni intellektlə bağlı risklər, o cümlədən milli səhiyyə sistemlərinə yönələn kiberhücumlar daha çox müzakirə olunur.

“Buna görə də süni intellektin tətbiqi onun məsuliyyətli, təhlükəsiz şəkildə inkişaf etdirilə və geniş miqyasda tətbiq oluna biləcəyi bir mühitin yaradılmasını tələb edir. Bu isə koordinasiyalı yanaşma, infrastruktur, insan kapitalı, kibertəhlükəsizlik, tənzimləmə və investisiyalar deməkdir”, - deyə nazir müavini qeyd edib.

Rəşad Həsənov bildirib ki, 2019-cu ildə təxminən 30 ölkənin süni intellekt strategiyası olduğu halda, hazırda 100-dən çox ölkə bu sahədə strategiya qəbul edib.

Onun sözlərinə görə, bəzi ölkələr artıq süni intellekt strategiyalarının ikinci və üçüncü versiyalarını hazırlayıblar.

“Hətta ən qabaqcıl ölkələr belə bəzən öz baxışlarını həyata keçirməkdə çətinlik çəkiblər. Bu səbəbdən bu gün məsələ yalnız baxış və strategiyadan ibarət deyil. Əsas məsələ həm də icranın sürəti və keyfiyyətidir. Beləliklə, kəşf dövrü öz yerini icra dövrünə verir”, - deyə Rəşad Həsənov vurğulayıb.

Nazir müavini Azərbaycanda süni intellekt, infrastruktur və investisiyanın vahid gündəmdə birləşdiyi mərhələyə daxil olunduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, istənilən strategiya və transformasiya baxışdan və yüksək səviyyəli strategiyadan başlayır: “Son bir neçə il ərzində Azərbaycanda bir sıra mühüm milli strategiya sənədləri qəbul edilib”.

Rəşad Həsənovun sözlərinə görə, rəqəmsallaşma ilə bağlı ən son sənəd bu ilin fevral ayında qəbul edilib. Prezident İlham Əliyev 2026–2028-ci illər üzrə rəqəmsal inkişaf üzrə fəaliyyət planını təsdiqləyib.

“Bu plan rəqəmsal inkişafın dörd əsas sütununu əhatə edir və 56 təşəbbüsü özündə birləşdirir. İndi bizim vəzifəmiz bu öhdəlikləri real icraya çevirməkdir”, - deyə o əlavə edib.

Nazir müavini bildirib ki, Azərbaycan rəqəmsal transformasiya istiqamətində sıfırdan başlamır və artıq mühüm təməllər mövcuddur.

Onun sözlərinə görə, Azərbaycanda dövlət sektoru və dövlət xidmətlərinin rəqəmsallaşdırılması kifayət qədər inkişaf edib. Hazırda MyGov platformasının 4 milyondan çox istifadəçisi var.

“10 milyon əhalisi olan ölkədə MyGov-un 4 milyon istifadəçiyə çatması dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün olduqca faydalı başlanğıcdır. Bu ilin sonuna qədər isə artıq 5 milyon istifadəçiyə çatmağı planlaşdırırıq”, - deyə Rəşad Həsənov bildirib.

O qeyd edib ki, bir çox dövlət xidmətləri artıq rəqəmsallaşdırılıb və ya bu prosesdədir. Dövlət qurumları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə öz rəqəmsallaşma yol xəritələrini hazırlayır və onların icrası həyata keçirilir.
R.Həsənov dövlət qurumlarının dövlət buluduna - “gCloud”a keçdiyini də bildirib. Onun sözlərinə görə, bu prosesin 2027-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.

“Biz hesab edirik ki, bu, dövlət informasiya sistemlərinin dayanıqlığının təmin edilməsi istiqamətində mühüm addımdır”, - deyə nazir müavini vurğulayıb.

O əlavə edib ki, Azərbaycan artıq süni intellektlə bağlı müzakirələrdən onun real tətbiqinə keçir.

“Artıq dövlət qurumlarında fəaliyyət göstərən süni intellekt əsaslı tətbiqlərimiz var. Buraya təhsil sistemində tələbə köməkçisi, süni intellekt əsaslı kibertəhlükəsizlik mərkəzi, kənd təsərrüfatında bitki xəstəliklərinin proqnozlaşdırılması və vətəndaşların suallarını cavablandıran MyGov AI sistemi daxildir”, - deyə Rəşad Həsənov qeyd edib.

Nazir müavini bildirib ki, paralel olaraq yüksək hesablama gücünə malik infrastrukturun yaradılması da vacibdir.

“Bu da məni ikinci məsələyə - hesablama infrastrukturu məsələsinə gətirir. Hesablama infrastrukturu etibarlı enerji, bağlantı və fiziki məkan tələb edir. Biz hesab edirik ki, Azərbaycanın bu üç üstünlüyün hər üçünə sahibdir”, - deyə o bildirib.

Rəşad Həsənov Azərbaycanın Avropa ilə Asiya arasında strateji mövqedə yerləşdiyini və ölkə üzrə genişmiqyaslı fiber-optik şəbəkənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR