Dövlət şirkətlərinin müəyyən ediləcək əməliyyat çətinliklərinin innovativ həllində ilk növbədə yerli startaplara üstünlük veriləcək.
“APA-Economics” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli bildirib.
Onun sözlərinə görə, “Plug and Play × IDDA – Industry Challenges” tədbiri çərçivəsində Bakı Metropoliteni və Azərbaycan Dəmir Yollarının əməliyyat çətinlikləri müəyyən ediləcək, daha sonra həmin problemlərin həlli üçün uyğun startap və texnologiya şirkətləri cəlb olunacaq.
“Startapların cəlbində ilk növbədə yerli startaplara böyük yer ayıracağıq, daha sonra regional, ardınca isə beynəlxalq startaplara baxılacaq. Əgər müəyyən edilən çətinliklərə uyğun yerli startap varsa, ilk olaraq ona üstünlük veriləcək”, – Taleh Kərimli bildirib.
O qeyd edib ki, yerli bazarda uyğun həll olmadığı halda, problemlərin həllinə qlobal startaplar və texnologiya şirkətləri cəlb ediləcək.
T. Kərimlinin sözlərinə görə, tədbirin məqsədi innovasiyanı yalnız müzakirə səviyyəsində saxlamaq deyil, onu dövlət şirkətlərinin konkret problemlərinin həllinə yönəltməkdir.