Bank Of Baku

Bakıda “Ötən illərin mahnıları” adlı I Retro Musiqi Festivalı keçiriləcək

Bakıda “Ötən illərin mahnıları” adlı I Retro Musiqi Festivalı keçiriləcək
# 11 noyabr 2008 15:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Ötən illərin mahnıları” adlı I Retro Musiqi Festivalı keçiriləcək. Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya bildirilib ki, bu festival Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası müəssisə və təşkilatlarda çalışan istedadları üzə çıxarmaq məqsədi ilə özfəaliyyət kollektivlərinin ifaçıları arasında noyabr-dekabr aylarında baş tutacaq. Festivalda Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyli başda olmaqla, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Səid Rüstəmov, Niyazi, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi, Elza İbrahimova və bir çox görkəmli bəstəkarların mahnıları daxil olacaq. Festival üç mərhələdə keçiriləcək. Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərlik etdiyi münsiflər heyətinə ittifaqın katibləri xalq artisti Ramiz Zöhrabov, əməkdar incəsənət xadimi Eldar Mansurov, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova, əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşova, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, həmçinin tanınmış bəstəkarlar Aygün Səmədzadə, Gövhər Həsənzadə daxildir. Festivalın ilk iki mərhələsi respublikanın müxtəlif şəhər və rayonlarında keçiriləcək. Münsiflər heyəti tərəfindən elan olunacaq qaliblərdən 1-ci yerin sahibinə festivalın diplomu ilə yanaşı 400 manat, 2-ci yerin sahibinə (2 nəfər) 300 manat, 3-cü yerin sahibinə isə (3 nəfər) 200 manat pul mükafatı təqdim olunacaq. Bundan başqa bir iştirakçıya xüsusi diplomla yanaşı 150 manat pul mükafatı veriləcək. Festivalın qaliblərinin iştirakı ilə keçiriləcək qala-konsert Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR