Bank Of Baku

Bakıda Bolqarıstanın tanınmış rəssamı Emil Stoyçevin əsərlərindən ibarət sərgi açılıb

Bakıda Bolqarıstanın tanınmış rəssamı Emil Stoyçevin əsərlərindən ibarət sərgi açılıb
# 13 noyabr 2008 16:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində Bolqarıstanın tanınmış rəssamı Emil Stoyçevin əsərlərindən ibarət sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgidən əvvəl mətbuat konfransı keçirən rəssam Azərbaycanda olmağından çox məmnun olduğunu və Bakıda sərgisinin açılmasına çox sevindiyini qeyd edib. Yaradıcılığı haqqında məlumat verən rəssam dünyanın 15-dən artıq ölkəsində fərdi sərgilərinin təşkil olunduğunu vurğulayıb: “Mən hər zaman bu fikrimi təkrar edirəm. Rəssamlar və ümumiyyətlə incəsənət, dövlət taxt-tacının ən qiymətli brilyantıdır. Dövlət mənəviyyatsız heç bir şeydir. Bəs bir millətin ən gizli hisslərindən kim danışa bilər? Yalnız rəssam”.

Sərginin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bolqar rəssamın Bakıda sərgisinin açılmasını yüksək qiymətləndirib: “Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu sərgi Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Georgi Pırvanovun hamiliyi altında həyata keçirilir. Emil Stoyçev öz əsərləri ilə bütün dünyanı gəzmiş və bu gündə əsərlərini bakılı sənətsevərlərin qarşısında nümayiş etdirir. Əminəm ki, bugünkü tədbir iki ölkə arasında mədəni əlaqələrin genişlənməsində xüsusi rol oynayacaq”. Nazir qeyd edib ki, E. Stoyçevin əsərləri Fransa, Almaniya, Hollandiya, ABŞ və digər ölkə muzeylərində qorunmaqla yanaşı, həm də dünya əhəmiyyətli bir sıra müasir incəsənət kolleksiyalarında yer alıb. Tədbirdə iştirak edən Bolqarıstanın vitse-prezidenti Angel Marin iki ölkə arasındakı bağlılığın tarixi köklərə malik olduğunu qeyd edib. Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov isə bolqar həmkarına yaradıcılıq uğurları arzulayıb və onu tez-tez Azərbaycanda görmək ümidində olduğunu vurğulayıb. Sərgidə rəssamın xanımı Danifika Stoyçeva, Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Maksim Dimov və montajçı-rəssam Borislav Slavovdan ibarət Bolqarıstan nümayəndə heyəti iştirak edib. Xatırladaq ki, E. Stoyçevin 60-cı illərin əvvəllərində təşkil olunmuş ilk sərgisindəki əsərlər bolqar professoru Boqomil Raynov tərəfindən satın alınıb. Sərginin nümayişi noyabrın 26-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR